Fransa Rusiyanın “əraziləri”nə nüfuz edir| Xarici məsləhətçilərin iştirakı gizlədilir

2024/03/1710920565.jpg
Oxunub: 500     13:21     20 Mart 2024    
Bu yaxınlarda Fransanın Ermənistandakı səfiri Olivye Dekotini Fransa dövri nəşrlərindən birinə verdiyi müsahibədə bildirib ki, Fransa Ermənistanla müdafiə əlaqələrini seçməklə, tabunu pozub və KTMT üzvü olan Ermənistanı müdafiə ləvazimatları ilə təmin edən ilk NATO ölkəsi olub.

Bu müsahibəyə demək olar paralel olaraq mətbuatda məlumatlar yayıldı ki, Fransa və Moldova müdafiə sahəsində əməkdaşlıq haqqında saziş imzalayıblar. Bu saziş Moldovada Fransanın müdafiə missiyasının yaradılmasını, silahların tədarükünü, şəxsi heyətin hazırlanmasını və s. məsələləri nəzərdə tutur.

Mətbuatda yayılan məlumatlara görə, bundan əvvəl Fransa Moldovaya ölkənin hava məkanına nəzarət üçün “Ground Master (GM) 200” taktiki radarı verib, həmçinin hərbi texnikanın bir partiyasını pulsuz ötürüb. Fransa prezidenti Emmanuel Makron isə Moldovanın suverenliyi və ərazi bütövlüyünün qorunub saxlanmasını dəstəkləməyə davam edəcəklərini açıqlayıb.

Bu, Ermənistanda olduğu kimi eyni mənzərədir. Yeri gəlmişkən, ötən ilin noyabrında Ermənistanın “CivilNet” nəşrinə verdiyi müsahibədə səfir Dekotini qeyd edib ki, Ermənistanın müdafiə naziri Suren Papikyan onun səfir vəzifəsini üzərinə götürdükdən sonra ən çox görüşdüyü yeganə nazirdir. Dekotini bildirib ki, Ermənistan ilə müdafiə sahəsində əməkdaşlıq çox geniş məqsədlər güdür.

“Müdafiə sahəsində əməkdaşlıq təkcə hərbi texnika deyil. Mən hətta düşünürəm ki, müdafiə doktrinası, Silahlı Qüvvələrin hazırlığı, döyüş meydanına yaxınlaşma formaları, Silahlı Qüvvələrin ortamüddətli perspektivdə modernləşdirilməsi, yəqin ki, sadəcə texnikadan daha vacibdir”, - deyə səfir “CivilNet”ə bildirib.

Yeri gəlmişkən, İrəvanda Fransanın müdafiə naziri də Ermənistana hərbi məsləhət verəcəkləri ilə bağlı oxşar eyham vurmuşdu. Halbuki Suren Papikyanın başçılıq etdiyi Ermənistan Müdafiə Nazirliyi Ermənistanın müdafiə sənədlərinin hazırlanması prosesində və ümumiyyətlə, müdafiə siyasətinin hazırlanması prosesində xarici məsləhətçilərin iştirakını gizlədir. Lakin Paşinyan hakimiyyətinə yaxın olan, hətta yaxın olmayan ekspertlər belə yüksək dərəcəli NATO nümayəndələrinin həm də “müdafiə məqsədləriylə” Ermənistana mümkün səfərini proqnozlaşdırırlar.

Bundan əvvəl isə məlum oldu ki, Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) hesabatına görə, Rusiya dünyanın ən böyük silah ixracatçıları arasında yalnız üçüncü yeri tutub, ikinci yeri Fransaya güzəştə gedib, birinci yerdə isə ABŞ-dir. Rusiyaya qarşı Fransanın bu uğuru onunla izah edilir ki, Fransadan silah ixracı artdığı halda, eyni dövrdə Rusiyadan ixrac 53 faiz azalıb və əgər 2019-cu ildə Rusiya 31 ölkəyə silah ixrac edibsə, 2023-cü ildə bu göstərici 12-yə enib.

Həmçinin qeyd edilir ki, Fransa silahlarının əsas alıcısı 30 faiz göstərici ilə Hindistandır, bununla belə Rusiya 36 faiz göstərici ilə ölkənin əsas tədarükçüsü olaraq qalmaqda davam edir.

Fransa hələ 2022-ci ildən Hindistanı şirnikləndirməyə, onu əsas silah tədarükçüsü olan Rusiyadan öz tərəfinə çəkməyə çalışır. Ermənistanla münasibətlərindən asılı olmayaraq, Fransa Rusiyaya qarşı kampaniya çərçivəsində də Ermənistana hərbi yardım edir, yəni Rusiyanın varlığı olan yerə nüfuz edir. Yeri gəlmişkən, bu yaxınlarda İrəvanda Yunanıstanın milli müdafiə naziri Nikos Dendias Ermənistan-Yunanıstan-Fransa-Hindistan dördtərəfli əməkdaşlığını mümkün hesab edib.

Bunun nə dərəcədə mümkün olduğunu zaman göstərəcək. Bir şey aydındır ki, istər Fransa, istərsə də Hindistan olsun, istənilən ölkə istər biznes marağı, istərsə də siyasi maraq olsun, ilk növbədə öz marağını güdür, ordusu darmadağın edilən Ermənistan isə silah bazarındakı oyunçuların siyasi və biznes maraqlarının diqqət mərkəzinə düşüb.

Aqil Məmmədov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fransa   Rusiya  


Bizi "telegram"da izləyin